Xəbərlər
Dosent Əfqan Məhəmmədəli oğlu Kərimovun 70 illik yubileyi qeyd edildi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin “Fizikanın tədrisi texnologiyası” kafedrasının dosenti, pedaqoji elmlər namizədi Əfqan Məhəmmədəli oğlu Kərimovun 70 illik yubileyi münasibətilə onun uzunillik pedaqoji fəaliyyəti, elmi yaradıcılığı və təhsil sahəsində xidmətləri xüsusi qeyd olunur.
1979-cu ildən pedaqoji fəaliyyətə başlayan Əfqan Kərimov 1994-cü ildən etibarən Pedaqoji Universitetdə müəllim-dosent vəzifəsində çalışaraq öz bilik və təcrübəsini gənc nəslin təlim-tərbiyəsinə və mütəxəssislərin hazırlanmasına həsr etmişdir. O, səmərəli elmi fəaliyyəti ilə də seçilərək 150-dən çox elmi məqalənin, 10 dərs vəsaiti və proqramın müəllifi olmuşdur.
Uzun illər ərzində universitetin elmi-pedaqoji mühitində qazandığı təcrübə, təhsil sahəsinə verdiyi töhfələr və məsuliyyətli fəaliyyəti Əfqan Kərimovun əmək yolunun əsas xüsusiyyətlərindəndir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Əfqan Kərimovun 70 illik yubileyi münasibətilə onu Fəxri Fərman və pul mükafatı ilə təltif edib.
Universitetin inkişafına və təhsilimizin tərəqqisinə xidmət edən Əfqan müəllimə fəaliyyətində yeni uğurlar arzulayırıq.




