“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin şəhidi, Zəngilan fatehi Səbuhi İsgəndərlinin anım tədbiri keçirilib.

29/06/2026, 16:35
xeber1

Əvvəlcə şəhid Səbuhi İsgəndərlinin məzarı Şəhidlər xiyabanında ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.


Daha sonra tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbirdə çıxış edən ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün xidmətdə olan hərbi qulluqçuları təbrik edib. O, çıxışında şəhid Səbuhi İsgəndərlinin şərəfli həyat və döyüş yolundan bəhs edərək onun Vətən qarşısındakı misilsiz xidmətlərindən, igidliyindən və qəhrəmanlığından danışıb, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.


Şəhidin atası Yaşar İsgəndərli və anası Gülnarə İsgəndərova çıxış edərək övladlarının Vətən sevgisindən, döyüş yolundan və şəhidlik zirvəsinə ucalmasından bəhs edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Tədbirdə Qax, Zaqatala və Balakən rayonlarından gələn şəhid ailələrinin üzvləri də iştirak edərək çıxış ediblər. Onlar şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulmasının vacibliyini vurğulayıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildiriblər.


Tədbirin bədii hissəsində Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş vətənpərvərlik mövzusunda musiqilər, mahnılar və ədəbi-bədii kompozisiyalar təqdim olunub. İfa olunan nömrələr tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.


Sonda iştirakçılar üçün ehsan süfrəsi açılıb, şəhid Səbuhi İsgəndərlinin və Vətən uğrunda canlarını fəda etmiş bütün qəhrəman oğullarımızın əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: