“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Düşmənə döyüş meydanında dərs keçən müəllim

06/11/2025, 21:39
xeber1

8 Noyabr Zəfər Günü ərəfəsində təhsil işçimiz olmuş Elvin Elsevər oğlu Imaməliyevin ailəsini ziyarət etdik.

Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva və komitə əməkdaşları İkinci Qarabağ Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq, Vətənə sədaqət və fədakarlıqla zirvəyə ucalan, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olmuş Elvin Elsevər oğlu İmaməliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.

Ziyarət zamanı şəhidimizin ruhuna ehtiram əlaməti olaraq gül dəstələri qoyulub, onun müqəddəs və əziz xatirəsi dərin hörmətlə anılıb. Qeyd olunub ki, Elvin İmaməliyev döyüşlərin ilk günlərində tərəddüd etmədən, böyük qətiyyət və iradə ilə könüllü şəkildə cəbhəyə yollanmış, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda böyük rəşadət göstərmişdir. Onun qəhrəmanlığı yalnız döyüş meydanında deyil, həm də pedaqoji fəaliyyətində öz əksini tapmış, gələcək nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilmişdir.

Abidə ziyarətindən sonra şəhidimizin boya-başa çatdığı ata ocağına ziyarət təşkil olunmuşdur. Ailəsi ilə keçirilən səmimi və dərin məzmunlu görüşdə şəhidimizin keçdiyi mənalı ömür yolundan, cəmiyyətə və təhsil sahəsinə verdiyi töhfələrdən, onun yüksək mənəvi keyfiyyətlərindən danışılıb. Valideynlərinin qürur dolu xatirələri dinlənilib, onların göstərdiyi mətinlik və dözüm xüsusi olaraq qiymətləndirilib.

Görüş zamanı vurğulanıb ki, şəhidimizin iki oğul övladı bu gün atasının əmanəti olaraq böyüyür, onun müqəddəs adını yaşadır və ailənin davamçıları kimi böyük məsuliyyət daşıyırlar. Dövlət tərəfindən şəhid ailələrinə göstərilən ardıcıl qayğı, sosial dəstək mexanizmləri və diqqət bir daha yüksək dəyərləndirilib.

Şəhid ailələrinə göstərilən bu böyük diqqət və qayğıya görə Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkür ifadə olunub. Qeyd edilib ki, ölkə başçısının şəhid ailələrinə hər zaman xüsusi həssaslıqla yanaşması, onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş davamlı dövlət siyasəti xalqın birliyinin və həmrəyliyinin bariz göstəricisidir. Bu qayğı şəhidlərimizin ruhuna ehtiramın ən ali təcəssümü kimi dəyərləndirilib.Eyni zamanda Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin fəaliyyətinə, regionlarda sosial tərəfdaşlığın gücləndirilməsinə verdiyi dəstəyə görə Respublika Komitəsinin sədri cənab Araz Paşayevə minnətdarlıq ifadə olunub. Bildirilib ki, Komitə sədri tərəfindən verilən tapşırıq və tövsiyələr, innovativ yanaşmalar və müasir idarəçilik prinsipləri həmkarlar təşkilatlarının fəaliyyətinin daha səmərəli qurulmasına mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: