Xəbərlər
ELMİ TƏDQİQAT İNSTİTUTLARINDA DEZİNFEKSİYA İŞLƏRİ APARILIB

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə elmi tədqiqat institutlarında çalışan əməkdaşların sağlamlığının qorunması, sanitariya-gigiyena normalarına əməl olunması və infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri həyata keçirilib.
Aparılan tədbirlər çərçivəsində institutların inzibati binalarında, laboratoriyalarda, iş otaqlarında, ümumi istifadə sahələrində, dəhlizlərdə və digər xidmət məkanlarında xüsusi dezinfeksiyaedici vasitələrlə genişmiqyaslı dezinfeksiya işləri görülüb. Tədbirin əsas məqsədi əməkdaşlar üçün sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi, mövcud sanitariya vəziyyətinin daha da yaxşılaşdırılması və mövsümi infeksiyalara qarşı profilaktik tədbirlərin gücləndirilməsidir.
Qeyd olunub ki, əməkdaşların sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması və sosial rifahının yüksəldilməsi həmkarlar ittifaqlarının fəaliyyətində daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi bundan sonra da əməkdaşların sağlamlığının qorunmasına xidmət edən təşəbbüslər davam etdirəcəkdir.







