Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ilk təşkilat sədrləri ilə görüş keçirilib.

23 sentyabr 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.
Daha sonra Respublika Komitəsinin sədri Araz Paşayev geniş təqdimatla çıxış edib. O, Konfederasiya və Respublika Komitəsi tərəfindən həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflər, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, qanuni mənafelərinin qorunması, həmçinin istirahət və müalicə imkanlarının yaxşılaşdırılması və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Görüşdə Nizami, Xətai, Suraxanı, Sabunçu, Xəzər və Pirallahı rayonlarının ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər. Ümumilikdə 500-ə yaxın həmkarlar ittifaqı sədri tədbirə qatılıb. İclasda Respublika Komitəsinin son dövrdə həyata keçirdiyi fəaliyyətlər təqdim olunub, qarşıya qoyulan hədəflər müzakirə edilib.







