Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi şəhid ailələri və qazilərlə görüş keçirib.

7 noyabr 2025-ci il tarixində Astara rayonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində canını Vətən uğrunda fəda etmiş şəhidlərin ailə üzvləri və qəhrəmanlıq göstərmiş qazilər ilə görüş keçirilmişdir. Tədbir çərçivəsində şəhid ailələri və qazilər üçün Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yemək süfrəsi təşkil olunmuş, onlara diqqət və qayğı göstərilmişdir.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin sədri Qürbətəli Zeynalov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri Cəlil Abbasov,
Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov və şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Astara Pedaqoji Kollecin maliyyə və informasiya şöbəsinin müdiri Nuranə Fərəcova iştirak etmişlər.
Görüş zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanmışdır. Həmçinin Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların döyüş yolu barədə danışılmış, qazilərimizin göstərdiyi şücaət xüsusi qürur hissi ilə qeyd olunmuşdur.
Tədbirdə çıxış edənlər ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların adlarının hər zaman uca tutulacağını, onların fədakarlıqlarının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildiriblər.
























