Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi Zəfər Günü münasibətilə təltiflər həyata keçirib

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi tərəfindən şəhid ailələri və hər iki Vətən müharibəsinin iştirakçılarına diqqət və ehtiram göstərilib.
Bayram münasibətilə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqə saxlanılıb, onların Zəfər Günü təbrik edilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri şücaət, fədakarlıq və xidmətlər yüksək qiymətləndirilərək müvafiq mükafatlarla təltif olunublar.
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan Zəfər hər birimizin qürur mənbəyidir. Bu qələbə Vətən sevgisinin, milli birliyin, qəhrəmanlığın və sarsılmaz iradənin təntənəsidir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır, qazilərimizin və müharibə iştirakçılarımızın fədakarlığı xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilir.
Təhsil işçiləri olaraq hesab edirik ki, Vətənə sevgi, dövlətə sədaqət və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə aşılanması mühüm vəzifələrimizdəndir. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi hər zaman prioritet istiqamətlərimizdən olacaqdır.
Zəfər tariximiz qürurumuz, şəhidlərimiz baş tacımızdır!
8 Noyabr – Zəfər Günümüz mübarək!





