Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley ənənəsi bu dəfə də davam etdirilib.

Göygöl şəhər İlqar Novruzov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi Əliyeva Səyalı İslam qızının 65 illik yubileyi qeyd olunub. Təntənəli şəkildə keçirilən tədbirdə çıxış edənlər Səyalı xanımın uzun illər ərzində təhsil müəssisəsində göstərdiyi vicdanlı əmək fəaliyyəti, məsuliyyətli yanaşması və kollektivin gündəlik iş prosesinə verdiyi mühüm töhfələri xüsusi vurğulayıblar.
Qeyd olunub ki, Səyalı İslam qızı çalışdığı müddət ərzində məktəbin tədris və iş mühitinin səmərəli təşkili, təmizlik və texniki xidmət işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi istiqamətində daim fəallıq göstərmiş, kollektivin hörmətini və etimadını qazanmışdır.
Yubiley münasibətilə Səyalı xanıma göstərdiyi uzunmüddətli və fədakar əməyə görə səmimi təbriklər çatdırılaraq, dərin minnətdarlıq ifadə olunub.
Həmkar ailəsi olaraq biz də Səyalı xanıma möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatında xoş günlər arzulayırıq.






