Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin növbəti səyyar görüşü Ləkit kənd tam orta məktəbində keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin təhsil müəssisələrində keçirdiyi səyyar görüşlər davam edir. Növbəti görüş Ləkit kənd tam orta məktəbində təşkil olunub.
Görüşdə məktəbin pedaqoji kollektivi ilə təhsil sahəsində aparılan yeniliklər, müəllimlərin sosial müdafiəsi, əmək hüquqları, həmkarlar ittifaqının fəaliyyət istiqamətləri və təhsil işçilərinin qayğıları ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda müəllimlərin təklif və müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər barədə ətraflı məlumat verilib.
Çıxış edənlər müəllim peşəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər ruhda yetişdirilməsində pedaqoqların əvəzsiz xidmətlərini qeyd ediblər. Bildirilib ki, təhsil işçiləri ilə yerlərdə keçirilən bu cür görüşlər həm qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, həm də mövcud problemlərin operativ şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı məktəbdə yaradılmış tədris mühiti, əldə olunan nailiyyətlər və şagirdlərin uğurları ilə də yaxından tanışlıq olub. Məktəb kollektivi göstərilən diqqət və səmimi münasibətə görə minnətdarlığını ifadə edib.
Sonda xatirə şəkilləri çəkdirilib və səyyar görüşün gələcək əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.









