Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin müəllimləri arasında voleybol yarışı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə Astara rayonu Yaqub Ağayev adına Artupa kənd tam orta ümumtəhsil məktəbinin idman zalında ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında Voleybol yarışı keçirilmişdir.
Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və təhsil işçiləri arasında kollektiv həmrəyliyin gücləndirilməsi məqsədilə təşkil olunan yarış yüksək əhval-ruhiyyə və böyük maraq şəraitində baş tutmuşdur. Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən komandalar iştirak etmiş, iştirakçılar oyun ərzində öz bacarıq, çeviklik və komanda ruhunu nümayiş etdirmişlər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən:
I yer — Astara rayonu Sım kənd tam orta ümumtəhsil məktəbi
II yer — Astara rayonu Sarvan Qurbanov adına Motalayataq kənd tam orta ümumtəhsil məktəbi
III yer — Astara rayonu Xanlar Şəkərov adına Tüləküvan kənd tam orta ümumtəhsil məktəbi
Qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar.
Tədbirin sonunda çıxış edənlər bu cür idman yarışlarının müəllimlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, sağlam həyat tərzinin təşviqinə və kollektiv ruhun güclənməsinə mühüm töhfə verdiyini vurğulamış, gələcəkdə də bu kimi tədbirlərin davamlı olaraq təşkil ediləcəyini qeyd etmişlər.









