Xəbərlər
ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTU PHŞ “İLİN ƏN YAXŞI MÜƏSSİSƏSİ” NOMİNASİYASI ÜZRƏ MÜKAFATLANDIRILIB.

27 aprel 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində 28 Aprel–Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır” mövzusunda konfrans təşkil edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun əməyin mühafizəsi ilə bağlı videomüraciəti izlənilib.
Tədbiri giriş sözü ilə AHİK sədri Sahib Məmmədov açıb və çıxışında əməyin mühafizəsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və insan kapitalının davamlı inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial inkişaf strategiyasına uyğun olaraq, əmək münasibətlərinin tənzimlənməsi istiqamətində sistemli yanaşma formalaşdırılıb. Hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iş yerlərində təhlükəsizlik standartları daha da təkmilləşdirilir, layiqli əmək şəraiti yaradılır.
Tədbirdə AHİK-in bu sahədə gördüyü işlər barədə də məlumat verilib. Qeyd olunub ki, 2025-ci il ərzində bu sahədə həmkarlar ittifaqları tərəfindən müəssisələrdə əməyin mühafizəsi üzrə monitorinq aparılıb, aşkar olunan çatışmazlıqlarla bağlı müvafiq tövsiyələr verilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, ETİHİ-nin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitələrinin sədri Habil Qurbanov və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ adından institutun elmi katibi, f.ü.f.d. İbrahim Nuruyev iştirak edib.
Konfrans çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə keçirilən respublika müsabiqəsinin nəticələri elan olunub. Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi sahəsində yüksək göstəricilərinə görə “İlin ən yaxşı müəssisəsi” nominasiyası üzrə mükafata layiq görülüb.







