Xəbərlər
Əmək və vəfa dolu ömrə ehtiram

ETİHİ Göyçay Rayon Komitəsi olaraq ömrünün 84-cü baharını qeyd edən, uzun illər təhsil sahəsində fədakarlıqla çalışmış dəyərli pedaqoq Əliyev Fərhad İsmayıl oğlunu ziyarət etdik.
53 illik mənalı və şərəfli pedaqoji fəaliyyət yolu keçən Fərhad müəllim öz bilik və təcrübəsini neçə-neçə nəslin yetişməsinə həsr etmiş, müəllim peşəsinin nüfuzunu daim uca tutmuşdur. O, peşəkar fəaliyyəti ilə yanaşı, uzun illər Göyçay Peşə Məktəbində Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışaraq həmkarların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və kollektivdə sağlam iş mühitinin formalaşdırılması istiqamətində də əhəmiyyətli xidmətlər göstərmişdir.
Səmimi və mehriban şəraitdə keçən görüş zamanı Fərhad müəllim zəngin həyat yolundan, müəllimlik fəaliyyətindən, həmkarlar ittifaqı sahəsində qazandığı təcrübələrdən və illərin yaddaşında qalan unudulmaz xatirələrdən söhbət açdı. Onun maraqlı xatirələri bizi uzun illər əvvələ apardı, keçmişin dəyərlərini və müəllim peşəsinin müqəddəsliyini bir daha xatırlatdı.
Fərhad müəllim göstərilən diqqət və ehtiramdan böyük məmnunluq duyduğunu bildirərək bizi səmimi hisslərlə qarşıladı, dəfələrlə təşəkkürünü ifadə etdi. Bu görüş bir daha sübut etdi ki, müəllim əməyinə verilən dəyər, onların cəmiyyət qarşısındakı xidmətlərinin yüksək qiymətləndirilməsi həm mənəvi borcumuz, həm də gələcək nəsillərə örnəkdir.
ETİHİ Göyçay Rayon Komitəsi olaraq təhsilimizin inkişafına ömrünü həsr etmiş, gənc nəslin formalaşmasında misilsiz xidmətləri olan dəyərli müəllimlərimizə daim diqqət və qayğı göstərməyi öz fəaliyyətimizin vacib istiqamətlərindən biri hesab edirik.
Əziz Fərhad müəllimi 84 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan günlər arzulayırıq. Arzu edirik ki, ömür yolunun hər yeni günü sağlamlıq, sevinc və doğmalarının sevgisi ilə müşayiət olunsun.






