“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Abşeron Rayon Komitəsindən ittifaq üzvlərinə növbəti mədəni töhfə

29/12/2025, 10:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və ETİHİ Abşeron Rayon Komitəsinin dəstəyi ilə dekabrın 27-də təhsil sahəsində çalışan bir qrup ittifaq üzvü üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna genişmiqyaslı ekskursiya təşkil olundu. Tədbirin əsas məqsədi ittifaq üzvlərinin asudə vaxtını səmərəli təşkil etmək, onlara ölkəmizin zəngin tarixi və mədəni irsini daha yaxından tanıtmaqdan ibarət idi.


Ekskursiya proqramı İçərişəhərin əsas giriş simvolu sayılan Qoşa Qala qapısından başladı. Peşəkar bələdçilərin müşayiəti ilə davam edən gəzinti zamanı iştirakçılara qala divarlarının tikilmə tarixi, orta əsr şəhər mədəniyyəti və Bakının qədim ticarət yollarının mərkəzi kimi rolu barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu ərazilər şəhərin ilkin formalaşma mərhələlərini və Azərbaycanın orta əsrlər dövrünə aid memarlıq üslubunu özündə qoruyub saxlayan canlı bir tarixdir.


Ziyarət çərçivəsində ittifaq üzvləri memarlıq incisi hesab olunan Bəylər məscidində oldular. Burada iştirakçılar məscidin daxili interyeri və dini-mədəni əhəmiyyəti ilə tanış olduqdan sonra, minarəyə qalxaraq Bakı şəhərinin və Xəzər dənizinin möhtəşəm mənzərəsini seyr etdilər. Daha sonra Azərbaycan dövlətçilik tarixinin ən parlaq nümunələrindən biri olan Şirvanşahlar saray kompleksinə üz tutan qonaqlar, sarayın daxilində nümayiş etdirilən nadir tarixi eksponatlarla, arxeoloji tapıntılarla və qədim məişət əşyaları ilə yaxından tanış oldular. Qala divarlarının strateji əhəmiyyəti və keçdiyi tarixi inkişaf yolu haqqında verilən məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.


ETİHİ Abşeron Rayon Komitəsi ittifaq üzvlərini daim diqqətdə saxlayaraq onların yalnız iş şəraitinin yaxşılaşdırılmasına deyil, həm də asudə vaxtlarının səmərəli keçirilməsinə və mədəni dünyagörüşünün zənginləşdirilməsinə xüsusi önəm verir. Bu tipli ekskursiyalar təhsil işçilərinin iş motivasiyasını artırmaqla yanaşı, kollektiv daxilində birlik və həmrəylik hissini də gücləndirir.


Sonda ekskursiya iştirakçıları onlara yaradılan bu şəraitə və göstərilən diqqətə görə AHİK və ETİHİ rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə etdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: