Xəbərlər
ETİHİ-də 2025–2027-ci illər üzrə yeni kollektiv müqavilələrin bağlanmasına start verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Elm və Təhsil Nazirliyi ilə bağlanmış kollektiv sazişdən irəli gələrək, üzv təşkilatlarla işəgötürənlər arasında 2025–2027-ci illəri əhatə edən kollektiv müqavilələrin imzalanması prosesinə başlanılıb.
Müqavilədə vurğulanan əsas istiqamətlər sosial tərəfdaşlığın inkişafı, bu çərçivədə əmək münasibətlərində sabitliyin təmin olunması, əmək mübahisələrinin qarşısının alınması, idarəetmədə şəffaflıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsi üzrə prioritetlərin müəyyən olunmasından ibarətdir.
Belə ki, tərəflər üzvlərin peşə hazırlığı, karyera inkişafı və ixtisasartırma imkanlarının genişləndirilməsi üzrə birgə fəaliyyət mexanizmlərini, təlim proqramlarını, maarifləndirici sessiyaları və peşə bacarıqlarının inkişafına yönələn layihələrin həyata keçirilməsini öz üzərinə götürür.
2025–2027-ci illər üzrə kollektiv müqavilələr işçilərin və işəgötürənlərin maraqlarının qorunmasına, sosial dialoqun sistemli əsaslar üzərində möhkəmlənməsinə və əmək münasibətlərinin dayanıqlığına, sosial əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.













