“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nərimanov Rayon Komitəsi 1Oktyabr-Beynəlxalq Ahıllar Günündə dəyərli ahılımız Tahirə Əliyevanı yad etdi

01/10/2026, 11:51
xeber1

Dünyada ahıl insanların problemlərinə diqqət yetirmək, onların cəmiyyətə verdikləri töhfələri qiymətləndirmək və yaşlı nəslə hörmət və qayğının vacibliyini xatırlatmaq məqsədilə 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü qeyd olunur. Bu əlamətdar gün BMT-nin təşəbbüsü ilə təsis edilib və ilk dəfə 1991-ci ildə qeyd olunub. Ahıllarımız keçmişimizdən gələn dəyərli mirasımız, ailələrimizin və cəmiyyətimizin mənəvi dayaqlarıdır. Onlar keçmişlə bu gün arasında körpü olmaqla yanaşı, zəngin həyat və peşə təcrübələri ilə gələcək nəsillərə yol göstərirlər.

ETİHİ Nərimanov Rayon Komitəsi olaraq istədik ki, Müəllimlər Günü ərəfəsində pedaqoji sahədə uzun illər xidmət göstərmiş, dəyərli pedaqoq Əliyeva Tahirə Turab qızı ilə məhz Ahıllar Günündə görüşək. N.Qardaşları adına 36 nömrəli tam orta məktəbdə Tahirə xanımla səmimi ünsiyyət qurduq, onun zəngin həyat və pedaqoji fəaliyyəti haqqında söhbət etdik. Söhbətimizdən bir daha gördük ki, Tahirə xanım öz peşəsinə, xalqına və Vətəninə böyük sevgi ilə bağlı olan, şagirdlərin yalnız yaxşı təhsil almasına deyil, həm də vətənpərvərlik ruhunda böyüməsinə xüsusi önəm verən pedaqoqlardandır. O, bu istiqamətdə illər ərzində bir sıra layihə və tədbirlərin həyata keçirilməsində fəal iştirak edib. Çoxsaylı kitab və məqalələrin müəllifi olan Tahirə xanım uzun illər pedaqoji fəaliyyət göstərməklə yanaşı, həmkarlar ittifaqı komitəsinin sədri kimi də fəaliyyət göstərib, əməyinə görə bir sıra medal və dövlət təltiflərinə layiq görülüb..

Belə dəyərli ahıl pedaqoqlarımızın həyat və fəaliyyətindən, təcrübəsindən bizim – müəllimlərin öyrənəcəyi çox məqam var. Onlarla hər görüş sadəcə bir xatirə deyil, həm də keçmişdən gələcəyə ötürülən bir dərsdir.

Səmimi söhbətimizin sonunda Tahirə xanımla xatirə şəkli çəkdirdik.

Bu gözəl və unudulmaz görüşün ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə N.Qardaşları adına 36 nömrəli tam orta məktəbin rəhbərliyinə və İlk Təşkilat sədrimizə dərin təşəkkürümüzü bildiririk. Tahirə xanıma möhkəm cansağlığı, firavan və uzun ömür, xoş günlər və yeni uğurlar arzulayırıq!

Ahıllarımız bizim dəyərimiz, onların təcrübəsi isə gələcəyimiz üçün mirasdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: