Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsi "Ən sevimli müəllim" layihəsini M.Məmmədov adına 37 nömrəli tam orta məktəbdə yekunlaşdırdı

“Ən sevimli müəllimim” layihəsinin sonuncu ünvanı – M.Məmmədov adına 37 nömrəli tam orta məktəb. Nərimanov RK tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri arasında mərkəzdən ən uzaq məsafədə yerləşən bu məktəbin maraqlı və özünəməxsus tarixçəsi var. Məktəb binası əvvəlcə hərbi xəstəxana kimi fəaliyyət göstərib. Yalnız 1956-cı ildən burada məktəb həyatı başlayıb. O gündən bu günə qədər isə bu məkanda neçə-neçə nəsil yetişib, müəllimlərimiz gələcəyin qurucularını böyük həvəslə, səbr və fədakarlıqla həyata hazırlayıblar. 37 nömrəli məktəb həm də çoxlu şəhidlər yetişdirmiş bir təhsil ocağıdır. Odur ki, görüşümüzə Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhunu yad etməklə başladıq.. Daha sonra isə şagirdlərinin qapalı səsverməsi ilə seçilən 10 “Ən sevimli müəllim”lə görüşdük, onları təbrik etdik, söhbətləşdik. Onlara bir sual verdik:
“Sizcə, şagirdləriniz niyə məhz sizi seçiblər?”
Müəllimlərin bir neçəsindən demək olar ki, eyni cavabı eşitdik:
“Çünki biz onların yaxşı günündə də, pis günündə də yanlarındayıq.”
Bax, budur müəllim–şagird bağı.
Yeri gələndə müəllim ola bilmək, yeri gələndə ana kimi qayğı göstərmək, dinləmək, səbr etmək, dəstək olmaq...
Bəlkə də müəllimlik məhz burada başlayır — şagirdin yalnız dərsinə deyil, həyatına toxuna bildiyin yerdə.
Deyirlər ki, şagird yalnız sevdiyi müəllimin dərsini oxuyar.
Biz bu məktəbdə həmin sözlərin nə qədər böyük həqiqət daşıdığının şahidi olduq.
Müəllimlərimizin hər cümləsində, hər baxışında, hər göz ifadəsində bu layihənin yaratdığı məmnuniyyəti görmək bizim üçün böyük sevinc idi.
Və bir daha əmin olduq:
Bəzi layihələr sadəcə həyata keçirilmir. Onlar insanın özünə də nəsə öyrədir.
“Ən sevimli müəllimim” layihəsi bizə müəllimlərimizi daha yaxından tanımağı, onların şagirdləri ilə qurduğu görünməz, amma çox möhkəm bağları hiss etməyi öyrətdi.
Bu layihə üzərində düşünməyə, onu həyata keçirməyə və gələcəkdə daha da gözəl formasını yenidən düşünməyə dəyər.
Çünki müəllimə verilən ən gözəl mükafat bəzən bir diplom deyil.
Bir şagirdin ürəyindən keçən “Mənim ən sevimli müəllimim sizsiniz” cümləsidir.
Əziz müəllimlər, sizi bu sevgi ilə qazandığınız dəyərə görə ürəkdən təbrik edirik.
Hər zaman şagirdlərinizin sevimlisi olun!
37 nömrəli məktəbin rəhbərliyinə və kollektivinə layihənin həyata keçirilməsinə göstərdikləri səmimi dəstəyə görə təşəkkür edirik.





