Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsinin Konfransı keçirilib

27 oktyabr 2026-cı il tarixində ETİHİ Nərimanov Rayon Komitəsinin Konfransı keçirilib.
Konfransda ETİHİ Nərimanov Rayon Komitəsinin sədri hesabat dövründə görülmüş işlər, həyata keçirilən layihələr, həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsi istiqamətində görülən tədbirlər və ilk həmkarlar ittifaqı təşkilatları ilə aparılan işlər barədə hesabat təqdim edib. Çıxışda Rayon Komitəsinin fəaliyyət istiqamətləri, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan işlər haqqında məlumat verilib.
Konfransda təşkilati məsələlər də müzakirə olunub. Ayrı-ayrı ilk həmkarlar ittifaqı təşkilatlarında sədrlərin çalışmanın yaş həddinə çatması, iş yerini və ya tutduqları vəzifəni dəyişməsi, eləcə də şəxsi iradələri ilə vəzifələrindən ayrılmaları ilə əlaqədar Məclisin tərkibində qismən dəyişikliklər aparılıb və yeni üzvlər seçilib. Bununla əlaqədar Təftiş Komissiyasının, Rəyasət Heyətinin və Rayon Komitəsi daxilində fəaliyyət göstərən komissiyaların tərkibləri də yenilənib.
Digər məsələlər sırasında AHİK+ layihəsi üzrə məlumatlandırma işləri, sanatoriya-kurort və istirahət yollayışları ilə bağlı müraciət və qeydiyyat prosedurları, idman tədbirlərinin təşkili, eləcə də sosial şəbəkələrdə məlumatlandırma fəaliyyətinin təkmilləşdirilməsi müzakirə olunub.
Konfransda ilk həmkarlar ittifaqı təşkilatlarına metodiki dəstəyin davam etdirilməsi, üzvlərin hüquq və imkanları barədə məlumatlandırılması və qarşıdakı dövrdə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı məsələlər diqqət mərkəzində olub.












