Xəbərlər
ETİHİ-nin nümayəndələri İstanbulda keçirilən beynəlxalq təhsil forumunda iştirak ediblər

16–17 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində “Eğitim-Bir-Sen” həmkarlar ittifaqının təşkilatçılığı ilə beynəlxalq təhsil forumu – “İstanbul EdUnion Forum 2026” keçirilib.
Forumda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını Gəncə Şəhər Komitəsinin sədri Niyazi Nəbiyev və Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov təmsil ediblər.
“Qlobal qeyri-müəyyənliklər dövründə təhsil və əmək: ümumi çətinliklər və həll yolları” mövzusuna həsr olunan forumda 55 ölkədən 67 təhsil sahəsi üzrə həmkarlar ittifaqını, eləcə də beynəlxalq və regional təşkilatları təmsil edən 132 nümayəndə iştirak edib.
Açılış mərasimində çıxış edən “Eğitim-Bir-Sen” və “Memur-Sen” Konfederasiyasının sədri Ali Yalçın müasir dünyanın iqtisadi, ekoloji və texnoloji böhranlarını yalnız beynəlxalq həmrəylik və güclü sosial əməkdaşlıq sayəsində həll etməyin mümkün olduğunu bildirib.
Plenar iclasdan sonra “Qlobal böhran şəraitində təhsil və əməyin yeni modeli” və “Qeyri-müəyyənlikdən etimada doğru: qlobal həmrəylik və birgə həll yolları” mövzularında panel müzakirələri keçirilib. Bu müzakirələrdə müharibə, iqtisadi böhran, süni intellektin təhsilə və əmək bazarına təsirləri dəyərləndirilib, problemlərin həllinin yalnız beynəlxalq əməkdaşlıqla mümkün olduğu bildirilib.
Forumun ikinci günündə altı mövzu üzrə keçirilən panel iclaslarında isə təhsilin əlçatanlığı, müəllimlərin sosial müdafiəsi, rəqəmsal etika, inklüzivlik, qadınların və əlilliyi olan şəxslərin əmək bazarında dəstəklənməsi, həmçinin həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürülüb.
Müxtəlif mədəniyyətləri təmsil edən nümayəndələr təhsilin dəyişdirici gücü və əməyin ümumbəşəri dəyəri ətrafında birləşərək ortaq baxışın formalaşdırılmasına töhfə veriblər.
Sonda forumun yekun sənədi – Bəyannamə qəbul edilib. Sənəddə təhsilin fundamental insan hüququ kimi qorunması, keyfiyyətli və inklüziv təhsilə çıxışın təmin edilməsi, təhsil işçilərinin hüquqlarının müdafiəsi, rəqəmsal transformasiyanın etik prinsiplər əsasında həyata keçirilməsi və qlobal həmrəyliyin gücləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Qeyd edək ki, 450 minə yaxın üzvü olan “Eğitim-Bir-Sen” Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqıdır. Təşkilat 11 sahə həmkarlar ittifaqını və bir milyondan çox üzvü birləşdirən “Memur-Sen” Konfederasiyasının üzvüdür.












