Xəbərlər
ETİHİ Nizami Rayon Komitəsində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

AHİK-in üzv təşkilatlarından olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ETİHİ Nizami Rayon Komitəsi tərəfindən Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə gənc təhsil işçilərinin iştirakı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov 2 Fevral – Gənclər Gününün tarixi və ictimai-siyasi əhəmiyyətindən geniş bəhs edib. O, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərin təhsil, məşğulluq və ictimai fəallığının artırılması məqsədilə icra olunan proqramlar, eləcə də uzunmüddətli inkişaf yol xəritəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, gənclər ölkənin gələcək inkişafında mühüm rol oynayır və onların potensialının düzgün istiqamətləndirilməsi prioritet məsələdir.
Məruzə ilə çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin aparıcı mütəxəssisi Tural Hacıyev 2 Fevral – Gənclər Gününün yaranma tarixindən danışıb, Nizami Rayonunun təhsil müəssisələrində çalışan gənc təhsil işçilərinin sayı və fəaliyyəti ilə bağlı statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Məruzə ətrafında çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov ETİHİ Nizami Rayon Komitəsinin gənc müəllimlərə göstərdiyi diqqət və qayğıdan, eyni zamanda dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsindən bəhs edib, bu kimi tədbirlərin gənclərin motivasiyasının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
ETİHİ Respublika Komitəsinin şöbə müdiri Elnur Sadıqov AHİK sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, il ərzində gənc təhsil işçiləri ilə bağlı görülən işlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə məlumat verərək, əlamətdar gün münasibətilə gənc təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra Sübut Əsədov tədbirin yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayevaya xüsusi minnətdarlığını bildirib.
Tədbirdə ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, gənc müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda il ərzində təhsil sahəsində göstərdikləri nailiyyətlər və fəal ictimai mövqeləri nəzərə alınaraq 60 nəfər gənc təhsil işçisi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılıb. İlk dəfə tədbirdə iştirak edən ETİHİ Nizami Rayon Komitəsinin könüllüləri isə tədbirin təşkilində göstərdikləri fəallığa görə Komitə tərəfindən gül dəstələri ilə təltif olunublar.
Sonda gənclər yaradılan şəraitə və göstərilən diqqətə görə AHİK rəhbərliyinə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.
Tədbir gənc təhsil işçilərinin xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.





















