“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsindən sağlam və təhlükəsiz iş mühitinə çağırış

23/04/2026, 08:47
xeber1

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici və əhəmiyyətli tədbir təşkil olunub. Cari ilin “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi ilə keçirilən tədbir əmək mühitində təhlükəsizlik və sağlamlıq məsələlərinin aktuallığını bir daha ön plana çıxarıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov bu əlamətdar günün mahiyyətindən bəhs edərək bildirib ki, Ümumdünya Əməyin Mühafizəsi Günü hər il geniş qeyd olunmaqla əmək mühitində təhlükəsizlik və sağlamlıq mədəniyyətinin formalaşdırılmasına xidmət edir. O vurğulayıb ki, müasir dövrdə əməyin mühafizəsi yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır, eyni zamanda işçilərin psixososial rifahının qorunmasını da özündə ehtiva edir.

Qeyd olunub ki, sağlam iş mühitinin yaradılması əmək məhsuldarlığının artırılmasına, kollektivdə müsbət psixoloji iqlimin formalaşmasına və işçilərin ümumi rifahının təmin olunmasına mühüm təsir göstərir. Bildirilib ki, sağlam psixososial mühit sadəcə seçim deyil – bu, həm insan hüquqlarının qorunması, həm də təşkilatın davamlı və uğurlu gələcəyinin təminatıdır. Bu baxımdan, istər rəhbərlər, istərsə də işçilər sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasında birgə məsuliyyət daşıyırlar.

Çıxış zamanı ETİHİ-nin əsas fəaliyyət istiqamətləri barədə də geniş məlumat verilib. Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması, eləcə də təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində digər çıxış edənlər tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində görülən işlərdən, mövcud çağırışlardan və bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Sosial tərəfdaşların və işəgötürənlərin iştirakı isə müzakirələrin daha geniş və səmərəli aparılmasına şərait yaradıb.

Sonda iştirakçılar tərəfindən belə tədbirlərin keçirilməsinin əmək mühitində təhlükəsizlik mədəniyyətinin inkişafına mühüm töhfə verdiyi vurğulanıb və birgə əməkdaşlıq çərçivəsində daha sağlam və təhlükəsiz iş yerlərinin yaradılmasının vacibliyi qeyd edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: