Xəbərlər
ETİHİ Nizami RK-nin təşkilatçılığı ilə təhsil işçiləri arasında stolüstü tennis yarışı keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ETİHİ Nizami Rayon Komitəsinin üzv təşkilatlarında çalışan təhsil işçiləri arasında idman yarışları davam edir.
09 aprel 2026-cı il tarixində Bakı şəhəri Nizami rayonu Kamil Əliyev adına 61 saylı tam orta məktəbdə stolüstü tennis yarışı təşkil olunub. Yarışı giriş sözü ilə məktəbin direktoru Zenfira Şıxəliyeva və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov açıq elan ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda 5 kişi və 5 qadın olmaqla ümumilikdə 10 iştirakçı mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən yarışın hakimliyini 242 nömrəli tam orta məktəbin müəllimi Asif Mehdiyev və Yuri Kovalyov adına 229 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Əliağa Əliyev həyata keçiriblər. Yarışın gedişatına isə Təşkilat Komitəsinin üzvləri – ETİHİ Nizami Rayon Komitəsinin aparıcı mütəxəssisi Tural Hacıyev və 238 nömrəli tam orta məktəbin ilk HİK sədri Qəhrəman Qasımov nəzarət ediblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən kişi iştirakçılar arasında:
- I yerə Kamil Əliyev adına 61 saylı tam orta məktəbin müəllimi Zaur Mikayılov,
- II yerə 242 nömrəli tam orta məktəbin hərbi rəhbəri Elçin Əliyev,
- III yerə 272 nömrəli tam orta məktəbin hərbi rəhbəri İntiqam Əsgərov layiq görülüblər.
Qadın iştirakçılar arasında isə:
- I yerə 238 nömrəli tam orta məktəbin müəllimi Şəlalə Quliyeva,
- II yerə 61 nömrəli tam orta məktəbin müəllimi Narxanım Fərəcli,
- III yerə 129 nömrəli tam orta məktəbin müəllimi Nuriyə Əliyeva sahib olub.
Sonda qaliblər təltif olunub, iştirakçılarla birgə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, bu cür idman yarışlarının keçirilməsi təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, kollektiv ruhun gücləndirilməsi və həmrəyliyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.











