Xəbərlər
ETİHİ nümayəndə heyəti Brüsseldə keçirilən iclasda iştirak edib

Noyabrın 4–5-də Belçikanın paytaxtı Brüssel şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) iclası keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
ETUCE-nin prezidenti Con MakQabann, Avropa direktoru Yelmer Evers, vitse-prezidentlər, Büro və Komitə üzvlərinin iştirak etdiyi iclasda təhsil siyasətinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Əsas diqqət Avropa İttifaqının “Müəllimlər Gündəliyi”nə və “Bacarıqların daşınması” təşəbbüsünə yönəldilib. Bu təşəbbüslər müəllimlərin peşəkar inkişafını, onlarla bağlı qərarların sosial dialoq əsasında qəbul olunmasını, eləcə də müəllimlərin diplom və peşə ixtisaslarının ölkələr arasında qarşılıqlı tanınmasının asanlaşdırılmasını nəzərdə tutur.
Bununla yanaşı, rəqəmsal dövrdə müəllim peşəsinin gələcəyi, əsas bacarıqların inkişafı və təhsildə demokratik dəyərlərin təşviqi müzakirə olunub. İclasda təşkilatın maliyyə, üzvlük və idarəetmə məsələlərinə də baxılıb.
Qeyd edək ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi 48 ölkədən 120 təşkilatı birləşdirir və 4,9 milyon təhsil işçisinin maraqlarını təmsil edir. ETİHİ 2010-cu ildən bu qurumun üzvüdür.






