Xəbərlər
ETİHİ nümayəndələri Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimində iştirak ediblər
İyunun 20-də Bakı Kristal Zalında ölkəmizdə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində dövlət rəsmiləri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət nümayəndələri, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, sədrin müavini Mirzə Cəfərzadə və Respublika Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə ölkənin 59 şəhər və rayonunu təmsil edən məktəblilər bir araya gəlib. Bildirilib ki, olimpiadada 2000-dən çox məktəbli 21–26 iyun tarixlərində müxtəlif idman növləri üzrə mübarizə aparacaq.
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən olimpiada məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, fiziki hazırlığın gücləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır







