Xəbərlər
ETİHİ Qax rayon komitəsi ittifaq üzvləri 28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad olunmuş torpaqlarımıza səfər edib.

28 may 2026-cı il tarixdə Şotavar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi “Şəhərsalma və Memarlıq İli” və 28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad olunmuş torpaqlarımıza səfər həyata keçirmişdir.
Səfərin əsas məqsədi pedaqoji kollektivin asudə vaxtının səmərəli təşkili, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri ilə yaxından tanışlıq olmuşdur.
Səfər iştirakçıları azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma prosesini böyük qürur hissi ilə izləyərək ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı mühüm uğurların şahidi olmuşlar. Müasir infrastruktur layihələri, yenidən qurulan yaşayış məntəqələri, abadlaşdırılan ərazilər və həyata keçirilən genişmiqyaslı tikinti işləri kollektiv üzvlərində dərin təəssürat yaratmışdır.
Kollektiv Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən möhtəşəm quruculuq və bərpa işlərini yüksək qiymətləndirərək dövlətimizin gücünə və inkişafına görə dərin minnətdarlığını ifadə etmişdir.
Eyni zamanda, bu qürurverici səfərin təşkilində göstərilən diqqət və dəstəyə görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və möhkəm cansağlığı diləyirik.










