Xəbərlər
ETİHİ Qax rayon komitəsi ittifaq üzvləri Bakı şəhərinə səfər edib, “İçərişəhərin Gizli İrs Marşrutu — Qapalı Məkanlara Xüsusi Girişlə” proqramında iştirak edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə ittifaq üzvləri Bakı şəhərinə səfər edərək “İçərişəhərin Gizli İrs Marşrutu — Qapalı Məkanlara Xüsusi Girişlə” proqramında iştirak ediblər
Səfərin əsas məqsədi ittifaq üzvlərinin Azərbaycanın zəngin tarixi-mədəni irsi, memarlıq abidələri və şəhərsalma ənənələri ilə daha yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər zamanı iştirakçılar UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə təşkil olunmuş “İçərişəhərin Gizli İrs Marşrutu — Qapalı Məkanlara Xüsusi Girişlə” proqramında iştirak edərək qapalı irs obyektlərini, dini və monumental memarlıq nümunələrini, eləcə də şəhərin nadir panoramik baxış nöqtələrini ziyarət ediblər.
Muzey, monumental irs, qapalı zonalar, dini memarlıq və panoramik baxış nöqtələrini özündə birləşdirən bu eksklüziv marşrut iştirakçılara qədim Bakının zəngin tarixini və memarlıq irsini fərqli rakursdan öyrənmək imkanı yaradıb. Tur Qoşa Qala divarlarında yerləşən xüsusi müşahidə meydanından başlayıb. Daha sonra iştirakçılar Şirvanşahlar Saray Kompleksinin yeraltı hissələrinə, Beylər məscidinin minarəsinə və Məhəmməd məscidinin adi ziyarətçilər üçün qapalı olan bölmələrinə xüsusi giriş əldə ediblər.
Marşrut boyunca iştirakçılar İçərişəhərin müdafiə sistemi, dini-mədəni irsi və monumental memarlıq nümunələri barədə ətraflı məlumatlandırılıb, qədim şəhərin əsrlər boyu qoruyub saxladığı tarixi-mədəni dəyərlərlə yaxından tanış olublar. Milli çay mərasimi ilə yekunlaşan proqram iştirakçılarda xoş və zəngin təəssüratlar yaradıb.
Səfər iştirakçıları ölkəmizdə tarixi-mədəni irsin qorunması, bərpası və dünyaya tanıdılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın tarixi abidələri bərpa olunur, milli-mənəvi dəyərlərimiz qorunur və gələcək nəsillərə çatdırılır.
İştirakçılar, həmçinin onlar üçün yaradılan bu maraqlı və yaddaqalan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinə səmimi təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, ETİHİ Qax rayon komitəsi tərəfindən ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların tarixi-mədəni irsimizlə yaxından tanışlığı, milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində bu kimi maarifləndirici səfərlərin təşkili davam etdirilir.

















