Xəbərlər
ETİHİ Qax rayon komitəsi ittifaq üzvləri İsmayıllı rayonuna səfər edib

ETİHİ Qax rayon komitəsi tərəfindən ittifaq üzvləri üçün növbəti maarifləndirici səfər təşkil olunub.
ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Qax Rayon İftixar Məmmədov adına Dəymədağlı kənd tam orta məktəbin kollektivi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İsmayıllı rayonuna səfər edib. Səfərin əsas məqsədi iştirakçıların Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Lahıc qəsəbəsinin zəngin tarixi, milli-mədəni irsi və qədim sənətkarlıq ənənələri ilə yaxından tanış olmaları olub.
Səfər zamanı kollektiv Lahıcın qədim küçələrini gəzib, burada fəaliyyət göstərən misgərlik emalatxanaları, tarixi abidələr və qədim yaşayış evləri ilə tanış olub. İştirakçılara məlumat verilib ki, Lahıc 1500–2000 ildən artıq tarixə malik olmaqla Azərbaycanın ən qədim yaşayış məkanlarından biridir. Qəsəbə qədim şəhərsalma mədəniyyəti, daş döşənmiş küçələri, özünəməxsus memarlıq üslubu və orta əsrlərə aid yeraltı kanalizasiya sistemi ilə seçilir.
Səfər iştirakçıları həmçinin Lahıc sakinlərinin əsrlər boyu qoruyub saxladıqları milli adət-ənənələr, qədim sənətkarlıq nümunələri və misgərlik sənəti haqqında geniş məlumat əldə ediblər. Bildirilib ki, Lahıc misgərlik sənəti öz unikallığı ilə dünyanın diqqətini cəlb edir və Azərbaycanın zəngin mədəni irsinin mühüm nümunələrindən biri hesab olunur.
İştirakçılar ölkəmizdə tarixi-mədəni irsin qorunması, regionların inkişafı və insanların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini yüksək qiymətləndirərək, xalqımıza tarixi Zəfəri yaşadan, ölkəmizdə genişmiqyaslı quruculuq və inkişaf siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və ehtiramlarını ifadə ediblər.
Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinə təşəkkürlərini bildiriblər.









