Xəbərlər
ETİHİ Qax rayon komitəsi ittifaqı üzvünün 65 illik yubileyi qeyd olunub

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan 4 nömrəli uşaq bağçasında çalışan həmkarlar ittifaqı üzvü, tərbiyəçi Bayramova Mərcanə Niyazi qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyarın həyat və əmək fəaliyyətindən bəhs olunub, onun uzun illər ərzində məktəbəqədər təhsil sahəsində göstərdiyi xidmətlər, peşəsinə sədaqəti, məsuliyyətli və qayğıkeş fəaliyyəti xüsusi vurğulanıb.
Qeyd edilib ki, məktəbəqədər təhsil uşaqların şəxsiyyət kimi formalaşmasında, onların intellektual, fiziki, sosial və emosional inkişafında mühüm mərhələ təşkil edir. Məhz bu dövrdə uşaqlarda ilkin bilik və bacarıqlar, ünsiyyət mədəniyyəti, davranış qaydaları, milli-mənəvi dəyərlərə hörmət və kollektivdə birgə fəaliyyət vərdişləri formalaşır. Məktəbəqədər təhsil müəssisələri uşaqların məktəb həyatına hazırlanmasında, dünyagörüşünün genişlənməsində və gələcək təhsil mərhələlərinə sağlam təməlin yaradılmasında mühüm rol oynayır.
Bu baxımdan tərbiyəçilərin üzərinə böyük məsuliyyət düşür. Onların gündəlik əməyi yalnız uşaqlara ilkin biliklərin aşılanması ilə məhdudlaşmır, eyni zamanda hər bir uşağın fərdi xüsusiyyətlərinin üzə çıxarılmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına, müstəqil düşünmə və özünüifadə bacarıqlarının formalaşmasına xidmət edir. Tərbiyəçinin qayğısı, diqqəti və pedaqoji yanaşması uşaqların gələcək həyatında mühüm iz buraxır.Mərcanə Bayramovanın uzun illərdir bu məsuliyyətli sahədə çalışması, uşaqların təlim-tərbiyəsinə verdiyi töhfələr və öz peşəsinə bağlılığı məktəbəqədər təhsil işçilərinin əməyinin nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir.
Yubiley münasibətilə ETİHİ Qax Rayon Komitəsi tərəfindən Mərcanə Bayramovaya çoxillik səmərəli əməyinə və 65 illik yubileyinə görə Təşəkkürnamə və hədiyyə təqdim edilib.
Mərcanə Bayramova göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.
ETİHİ Qax Rayon Komitəsi olaraq yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında firavanlıq arzulayırıq.





