“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsi tərəfindən şəhid ailəsi ziyarət olunub

08/02/2026, 19:55
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən Vətən müharibəsi şəhidi Hacızadə Hacı Rafiq oğlunun ailəsi ziyarət olunub.

Ziyarət zamanı şəhidin anası, ittifaq üzvü Lalə xanımla görüş keçirilib, onun səhhəti ilə yaxından maraqlanılıb. Qeyd edək ki, Lalə xanım yaxın vaxtlarda əməliyyat keçirdiyi üçün ona ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, Qax rayonu üzrə Təhsil sektoru müdiri Babək Heydərov, Təhsil sektoru ilk həmkar təşkilatı sədri Zahid Hacızadə və Çüdüllü kənd ümumi orta məktəbinin direktoru Gülçin Cavadzadə tərəfindən şəfa diləkləri çatdırılmışdır.

Görüş zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad edilmiş, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu cür ziyarətlər davamlı xarakter daşıyır.

44 günlük Vətən müharibəsində öz şücaəti və qəhrəmanlığı ilə tarix yazan igidlərimizdən biri olan Hacızadə Hacı Rafiq oğlu 25 sentyabr 1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olub. Uşaq yaşlarından Vətənə və dövlətə bağlılığı ilə seçilən şəhidimiz ilk təhsilini doğulduğu kənddə alıb.

O, 2006-cı ildə Çüdüllü kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 2015-ci ilədək həmin məktəbdə 9 illik orta təhsilini başa vurmuşdur. 2015–2017-ci illərdə Marsan kənd tam orta məktəbində təhsilini davam etdirərək 11 illik tam orta təhsilini tamamlamışdır.

Məktəbi bitirdikdən sonra hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olan hərbi xidmətə yollanmış, 2017–2019-cu illərdə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmət keçmişdir. Xidməti dövrdə nizam-intizamı və məsuliyyəti ilə komandir və silahdaşlarının hörmətini qazanmışdır.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Hacı Rafiq oğlu könüllü olaraq döyüşlərə qatılmış, 29 sentyabr tarixindən etibarən snayper kimi Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.

Bayrağına və Vətəninə sonsuz bağlı olan şəhidimiz 9 noyabr – Dövlət Bayrağı Günündə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Hacızadə Hacı Rafiq oğlu ölümündən sonra Azərbaycan Respublikasının müvafiq sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: