Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi üzv təşkilatında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatlarına ünvanlanmış müvafiq məktubda gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Məktubda qeyd olunan tövsiyələrə uyğun olaraq, M.Ə. Sabir adına Güllük kənd tam orta ümumtəhsil məktəbində narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirici tədbir keçirilib.
Məktəbin IX–XI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Qax Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru, polis kapitanı Tərlan Hüseynov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva və məktəbin direktoru Güllər İsmayılova çıxış ediblər.
Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında narkomaniyanın fəsadları barədə məlumatlılığı artırmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini diqqətə çatdırmaq və şagirdləri sağlam həyat tərzinə təşviq etmək olub.
Çıxış edən polis kapitanı Tərlan Hüseynov narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verib. O, yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının qarşısının alınmasının, yeniyetmələrin hüquqi biliklərinin artırılmasının və onların zərərli vərdişlərdən qorunmasının vacibliyini vurğulayıb. Şagirdlərə hüquqazidd əməllərdən uzaq durmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və sağlam həyat tərzinə üstünlük vermək tövsiyə olunub.
ETİHİ Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva çıxışında gənc nəslin sağlamlığının qorunmasının, onların zərərli vərdişlərdən uzaq tutulmasının və təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb. O, yeniyetmələrin sağlam və təhlükəsiz mühitdə yetişməsində məktəbin, ailənin və cəmiyyətin birgə fəaliyyətinin mühüm rol oynadığını qeyd edib.
Məktəbin direktoru Güllər İsmayılova şagirdlərin sağlam həyat tərzinə təşviq olunmasının, onların narkomaniyanın fəsadları barədə məlumatlandırılmasının və məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin şagirdlərin düzgün həyat seçimləri etməsinə və zərərli vərdişlərdən uzaq durmasına töhfə verdiyini bildirib.
Görüş zamanı narkomaniyanın fərdi və ictimai fəsadları, narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, hüquqi məsuliyyət və zərərli vərdişlərdən qorunma yolları barədə məlumat verilib. Yeniyetmələrin sağlam həyat tərzinə yiyələnməsinin, hüquqi biliklərinin artırılmasının və onların gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Belə maarifləndirici görüşlərin yeniyetmələrin məlumatlılığının artırılması, sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.










