Xəbərlər
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatında yubiley görüşü keçirilib

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qaşqaçay kənd körpələr evi–uşaq bağçasının ittifaq üzvü Məmmədova Səadət Musa qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanım və Vətən müharibəsi qəhrəmanı Cavid Abdullayevin anası Pəri xanım da iştirak ediblər. Onlar yubilyar Səadət xanımı səmimi-qəlbdən təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar. Qəhrəman analarının iştirakı tədbirə xüsusi səmimiyyət və mənəvi dəyər qatıb.
Görüşdə Səadət xanımın uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, peşəsinə sədaqəti, kollektivdə qazandığı hörmət və gənc nəslin tərbiyəsinə verdiyi dəyərli töhfələr yüksək qiymətləndirilib. Qeyd olunub ki, onun zəhməti və fədakar fəaliyyəti həmkarları tərəfindən hər zaman rəğbətlə qarşılanıb.
Tədbirdə ETİHİ Qax Rayon Komitəsi tərəfindən yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Sonda ETİHİ Qax Rayon Komitəsi olaraq tədbirdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanıma və Vətən müharibəsi qəhrəmanı Cavid Abdullayevin anası Pəri xanıma təşəkkür bildirilib, onların şəhid ailələrinin cəmiyyətdəki yüksək mənəvi dəyərini təcəssüm etdirdiyi vurğulanıb.
Hörmətli ittifaq üzvümüz Səadət xanımı 65 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq.







