Xəbərlər
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatları Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edib

Qax rayonunda Vətən müharibəsi şəhidlərinin – Şabanov Kamran Elşən oğlunun və Allahverdiyev İsgəndər Nəsir oğlunun şəhadətə ucalmalarının altıncı ildönümü münasibətilə anım mərasimləri keçirilib.
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Marsan kənd uşaq bağçasının həmkarlar ittifaqı üzvü Rəsmiyyə Ağaşirin qızı Şabanovanın övladı, şəhid Şabanov Kamran Elşən oğlunun, eləcə də Şotavar kəndindən olan şəhid Allahverdiyev İsgəndər Nəsir oğlunun anım tədbirlərində ETİHİ Qax Rayon Komitəsinin və üzv təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Mərasimlərdə Qax Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Rayon Ağsaqqallar Şurasının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, doğmaları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbirləri çərçivəsində şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Çıxışlarda şəhidlərin şərəfli döyüş yolundan, Vətənə sədaqətlərindən, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Vurğulanıb ki, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün örnək olacaq. Məktəblilər şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhidlərin doğmaları ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin həyat və döyüş yolu
Allahverdiyev İsgəndər Nəsir oğlu 2 aprel 1999-cu ildə Qax rayonunun Şotavar kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan İsgəndər Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şabanov Kamran Elşən oğlu 21 noyabr 1995-ci ildə Qax rayonunun Marsan kəndində anadan olub. Vətən müharibəsi zamanı Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, noyabrın 13-də Qax rayonunun Zərnə kəndində Vətən müharibəsi şəhidi Hacıəhmədli Hacıəhməd Həsən oğlunun, noyabrın 14-də isə Qax şəhərindəki Şəhidlər xiyabanında şəhid Səfərov Əfəndi Cahangir oğlunun şəhadətə ucalmalarının ildönümü münasibətilə də anım mərasimləri keçirilib.
Şəhidlərimizin Vətənə bağlılığı, şərəfli döyüş yolu və qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların əziz xatirəsini yaşatmaq, göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!















