Xəbərlər
ETİHİ Respublika Komitəsinin nümayəndə heyəti Tacikistanda beynəlxalq konfransda iştirak edib

Oktyabrın 13–14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Süni intellektin, rəqəmsallaşmanın və texnoloji yeniliklərin təhsildə layiqli əməyə və dayanıqlı inkişafa təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Tacikistanın Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin elm və təhsil işçiləri həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin nümayəndə heyəti də təmsil olunub.
Müzakirələrdə süni intellektin və rəqəmsal texnologiyaların təhsil sektoruna, o cümlədən işçilərin əmək şəraitinə təsiri, sosial təminatların qorunması və həmkarlar ittifaqlarının yeni çağırışlara uyğun fəaliyyətinin təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev Azərbaycanda süni intellektin inkişafı və rəqəmsal texnologiyaların təhsil sahəsində tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyini qeyd edib, müəllimlər üçün “Microsoft Copilot”, “Google Gemini” və “NotebookLM” alətlərinin, şagirdlər üçün isə süni intellekt əsaslı tədris assistentinin tətbiq olunduğunu bildirib.
Komitə sədri AHİK və ETİHİ tərəfindən rəqəmsallaşma sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətinə də toxunub. O, “e-AHİK” elektron rezervasiya sisteminin xidmətlərə çıxışı asanlaşdırdığını, “E-həmkar” platformasının isə əməliyyatların operativliyini və idarəetmənin səmərəliliyini artırdığını vurğulayıb.
Konfrans çərçivəsində rəqəmsallaşma şəraitində təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, iş yükünün tənzimlənməsi və istirahət hüququnun təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar yeni texnologiyaların tətbiqi zamanı işçilərin hüquq və mənafelərinin nəzərə alınmasının, sosial dialoqun gücləndirilməsinin və həmkarlar ittifaqlarının prosesdə fəal iştirakının vacibliyini qeyd ediblər.









