Xəbərlər
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə ETUCE-nin iclasında iştirak edib

Aprelin 28–29-da Brüssel şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin (ETUCE) növbəti iclası keçirilib.
Tədbirdə qurumun prezidenti Con MakQabhan, direktoru Yelmer Evers, vitse-prezidentlər və İcraiyyə Komitəsinin üzvləri ilə yanaşı, Beynəlxalq Təhsil Birliyinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
İclasın əsas müzakirə mövzusu 2026–2028-ci illər üzrə fəaliyyət strategiyası və təşkilatın maliyyə dayanıqlığının artırılması olub. Bu məqsədlə üzvlük haqqı ilə əlaqədar strukturunun optimallaşdırılması, təşkilatın nizamnaməsinə dəyişikliklərin edilməsi barədə qərarlar qəbul edilib. Həmçinin, üzv təşkilatların milli səviyyədə üzvləri barədə məlumat bazasının dəqiqləşdirilməsi məqsədilə xüsusi sorğunun keçirilməsi qərara alınıb.
İclasda həmçinin Avropa təhsil siyasətinin prioritetləri, akademik azadlıqların qorunması, müəllimlərin peşə ixtisaslarının artırılması və əməyin mobilliyi kimi vacib istiqamətlər müzakirə edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayev iclasda çıxış edərək ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verib. O, təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi və beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiq olunan ədalətli maliyyə mexanizmlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
İclas çərçivəsində bir sıra layihələrin yekun nəticələri nəzərdən keçirilib. Nümayəndələr mövcud qlobal çağırışlara qarşı vahid yanaşmanın vacibliyini qeyd ediblər.
Məlumat üçün bildirək ki, 48 ölkədən 120 təşkilatı əhatə edən ETUCE ümumilikdə 4,9 milyon üzvü təmsil edir.
ETİHİ Respublika Komitəsi 2010-cu ildən bu nüfuzlu qurumun tamhüquqlu üzvüdür.





