Xəbərlər
ETİHİ Şabranda Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində təhsil işçiləri ilə silsilə görüşlər təşkil olunur.
Bu əlamətdar gün ərəfəsində, sentyabrın 28-dən etibarən Şabran rayonunda çalışan ittifaq üzvləri ilə də görüşlərə başlanılıb. Müəllim əməyinə verilən dəyərin, pedaqoji fəaliyyətə göstərilən diqqət və ehtiramın təcəssümü olan görüşlərdə rayonun müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər təbrik edilib, onların fədakar və məsuliyyətli fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşlər çərçivəsində Hacı Əliyev adına Dağ Bilici kənd tam orta ümumtəhsil məktəbinin müəllimi İlhamə Səfərova, Xəlfələr kənd orta ümumtəhsil məktəbinin müəllimi Zərinə Ağayeva, Xəlilli kənd orta ümumtəhsil məktəbinin müəllimi Mehparə Heydərova, Çölquşçu kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Telnaz Həbibova, Çayqaraqaşlı kənd orta ümumtəhsil məktəbinin müəllimi Xəyalə Piriyeva və Hacıqaraqaşlı kənd orta ümumtəhsil məktəbinin müəllimi Sevda Musa qızı İlyasova Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunublar.
Tədbirlərdə ETİHİ Şabran Rayon Komitəsinin sədri Seymur Qədəşov və ETİHİ Respublika Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruhiyyə İsrafilova iştirak ediblər.
Görüşlər zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri müəllimlərə çatdırılıb. Müəllimlik peşəsinin cəmiyyətin tərəqqisində, gənc nəslin bilik, dünyagörüşü və mənəvi dəyərlərinin formalaşmasında, gələcəyin savadlı və vətəndaş məsuliyyəti daşıyan şəxsiyyətlərinin yetişdirilməsində müstəsna əhəmiyyəti xüsusi vurğulanıb.
Səmimi və işgüzar şəraitdə keçən görüşlərdə müəllimlərin gündəlik pedaqoji fəaliyyəti, qarşılaşdıqları məsələlər, onları düşündürən mövzular və təhsil sahəsində həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ETİHİ Respublika Komitəsinin təhsil işçilərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması, istirahət və müalicəsinin təşkili istiqamətində həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib.
Görüşlər müəllimlərə göstərilən diqqət və ehtiramın, onların əməyinə verilən yüksək dəyərin ifadəsi kimi yadda qalıb. Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
Müəllim əməyinə ehtiram – gələcəyə, biliyə və inkişafa verilən dəyərdir!








