Xəbərlər
ETİHİ Şəki Şəhər Komitəsinin sədri beynəlxalq olimpiada qalibi ilə görüşüb

Avqustun 28-də ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova 10–20 iyul tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) bürünc medal qazanan Şəki şəhər Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin XI sinif şagirdi Turan Musayevlə görüşüblər.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında təşkil olunan görüşdə həmçinin müdir müavini Hafiz Pənahov, liseyin direktoru Elmir Məmmədəliyev və şagirdin valideyni iştirak edib.
Görüş zamanı Turan Musayevin beynəlxalq olimpiadada qazandığı uğur yüksək qiymətləndirilib, onun əldə etdiyi nailiyyətlərdən bəhs olunub, eyni zamanda beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və qazandığı nəticələrin digər şagirdlər üçün nümunə olduğu xüsusi vurğulanıb. İdarə müdiri şagirdə gələcək təhsil həyatında və beynəlxalq olimpiadalarda yeni uğurlar arzulayıb.
Sonda Turan Musayev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin “Fəxri fərmanı” və hədiyyəsi ilə təltif olunub.








