Xəbərlər
ETİHİ Suraxanı Rayon Komitəsi müəllim Şahab İsayevin 65 illik yubileyini qeyd edib

ETİHİ Suraxanı Rayon Komitəsi Əməkdar müəllim Şahab İsayevin 65 illik yubileyini qeyd edib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə 275 nömrəli tam orta məktəbdə çalışan Əməkdar müəllim, İlk Həmkarlar Təşkilatının sədri İsayev Şahab Şahbaz oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri açan məktəbin direktoru Elnur Hüseynov çıxışında Şahab müəllimin uzunillik pedaqoji fəaliyyətini, yüksək mənəvi keyfiyyətlərini, kollektivdə qazandığı hörmət və nüfuzu xüsusi vurğulayaraq ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən ETİHİ Suraxanı Rayon Komitəsinin sədri Rəfael Hüseynov Şahab müəllimin İlk Həmkarlar Təşkilatının fəaliyyətində göstərdiyi xidmətləri yüksək qiymətləndirib, həmkarlar ittifaqı ailəsinin təbriklərini yubilyara çatdırıb və ona xatirə olaraq qiymətli hədiyyə təqdim edib.
Çalışmanın son yaş həddi tamam olduğu üçün Şahab müəllimin əmək fəaliyyətinə xitam verilmişdir.
Tədbir çərçivəsində məktəbin İlk Həmkarlar Təşkilatında seçki də keçirilib. Seçkinin nəticələrinə əsasən, rəyasət və təftiş komitələrinin üzvləri, həmçinin təşkilatın yeni sədri seçiliblər.
275 nömrəli orta məktəbin İlk Həmkarlar Təşkilatın yeni seçilmiş sədrini təbrik edir, ona gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, yeni sədr kollektiv üzvlərinin hüquq və mənafelərinin qorunması, sosial tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı və həmrəylik prinsiplərinin təşviqi istiqamətində səmərəli fəaliyyət göstərəcək.










