Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi tərəfindən ümumtəhsil məktəblərində çalışan ittifaq üzvləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunmuşdur

Aprelin 29-da Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Xətai Rayon Komitəsi tərəfindən Bakı şəhəri 64 nömrəli tam orta məktəbdə Xətai rayonu üzrə ümumtəhsil məktəblərində çalışan ittifaq üzvləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açıq elan edən ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov iştirakçıları salamlayaraq yarışın əhəmiyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki, bu cür tədbirlər müəllimlərin bilik və bacarıqlarının nümayiş etdirilməsinə, həmçinin həmkarlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
O eyni zamanda vurğulamışdır ki, bu kimi təşəbbüslər təhsil ictimaiyyətində sağlam rəqabət mühitinin formalaşmasına təkan verir, müəllimlərin peşəkar inkişafını stimullaşdırır. O, iştirakçılara uğurlar arzulayaraq bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Yarışın əsas məqsədi təhsil işçiləri arasında intellektual və peşəkar əməkdaşlıq mühitinin formalaşdırılması, onların mədəni istirahətinin təşkili və təhsil mühitində müsbət ab-havanın yaradılması olmuşdur. Tədbirdə Bakı şəhərinin Xətai rayonu üzrə 40 ümumtəhsil məktəbinin təhsil işçiləri iştirak etmişlər. Yarış zamanı komandalar dövlətçilik, dünyagörüş, tarix, ədəbiyyat, elm və incəsənət sahələrinə aid sualları cavablandırmışlar.
Yarışın nəticələrinə əsasən, yüksək bilik səviyyəsi və güclü komanda ruhu nümayiş etdirən komandalar arasında I, II və III yerlərin qaliblərinə ETİHİ Xətai Rayon Komitəsi tərəfindən “Təltifnamə” və pul mükafatları təqdim olunmuşdur. IV və V yerləri tutan komandalar isə “Təşəkkürnamə” ilə təltif edilmişlər.
Tədbirin sonunda bütün iştirakçılar üçün səmimi və mehriban şəraitdə çay süfrəsi təşkil olunmuş, xatirə şəkilləri çəkilmişdir.

















