Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirib

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi tərəfindən Bakı şəhəri 98 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. Bu ilin devizi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusuna həsr edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov Ümumdünya Əməyin Mühafizəsi Gününün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu əlamətdar gün hər il geniş şəkildə qeyd olunur və əmək mühitində təhlükəsizlik və sağlamlıq məsələlərinə diqqətin artırılmasına xidmət edir. O qeyd edib ki, əmək mühitində təhlükəsizlik və sağlamlıq məsələləri yalnız fiziki deyil, eyni zamanda psixososial rifahın qorunmasını da əhatə edir. Sağlam iş mühitinin yaradılması əmək məhsuldarlığının artırılmasında və işçilərin ümumi rifahının təmin olunmasında mühüm rol oynayır.
Həmçinin çıxışı zamanı ETİHİ-nin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Çıxışlar zamanı təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində görülən işlərdən, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, bu sahədə maarifləndirmənin əhəmiyyəti qeyd olunub. Tədbirdə sosial tərəfdaşlar və işəgötürənlər də iştirak ediblər.








