Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsi Zəfər Günü münasibətilə təntənəli tədbir keçirdi.

7 noyabr tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.
Tədbirdə ETİHİ Respublika Komitəsinin şöbə müdiri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin rayon təhsil müəssisələrinin ilk həmkarlar təşkilatlarının sədrləri və fəal ittifaq üzvləri iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri açıq elan edən ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışaraq, bu möhtəşəm qələbənin Azərbaycan xalqının birliyinin, qəhrəman övladlarımızın və Müzəffər Ali Baş Komandanın əzmkarlığının nəticəsi olduğunu vurğuladı.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd İsrafilov Zəfərin əldə olunmasında dövlətimizin gücü, ordumuzun şücaəti və xalqımızın bir amal uğrunda həmrəyliyinin mühüm rol oynadığını qeyd etdi.
Tədbirdə 254 nömrəli məktəbin müəllimi, şəhid Rasim Məmmədovun anası Xuraman Məmmədova və atası Oktay Məmmədov şəhidlərin uca məqamından, onların göstərdiyi igidlik və qəhrəmanlıqdan söz açaraq, şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
287 nömrəli Zəkalar liseyinin müəllimi, müharibə iştirakçısı İbrahim Rüstəmov çıxış edərək döyüş xatirələrini bölüşdü, silahdaşlarının igidliyindən bəhs etdi və şəhid analarına həsr etdiyi şeirini səsləndirdi.
Digər çıxışçılar da Zəfər Gününün böyük mənəvi və tarixi əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarını bu qürurverici bayram münasibətilə təbrik etdilər və təşkilatçılara dərin təşəkkürlərini bildirdilər.
Tədbir proqramı çərçivəsində Vətən müdafiəçilərinin qəhrəmanlığına, xalqımızın birliyinə və vətənpərvərlik ruhuna həsr olunmuş musiqi nömrələri, şagirdlərin ifasında şeirlər və bədii kompozisiyalar təqdim olundu.
Tədbir qarşılıqlı hörmət, Vətən qəhrəmanlarına dərin ehtiram və qürur hissi ilə yekunlaşdı.













