Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsinin ittifaq üzvləri arasında idman yarışlarına start verilib

Keçən həftə Xətai rayonu təhsil müəssisələrində çalışan ETİHİ Xətai Rayon Komitəsinin ittifaq üzvləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarına start verilib.
Yarışlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur, kişi və qadınlardan ibarət olmaqla beş idman növü – dama, voleybol, mini-futbol, basketbol və stolüstü tennis üzrə keçirilir.
Tədbirin əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və kollektiv həmrəyliyin gücləndirilməsidir.
İlk yarış həftəsində rayonun təhsil işçiləri dama və mini-futbol idman növləri üzrə mübarizə aparıblar. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Açılış mərasimində çıxış edən ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov iştirakçıları salamlayaraq bildirib ki, bu cür tədbirlər təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına və idmanın geniş təbliğinə mühüm töhfə verir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda qaliblər müəyyənləşib. Rayon mərhələsində birinci yerə layiq görülən komandalar Bakı şəhərinin ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında keçiriləcək növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.
Digər idman növləri üzrə yarışlar bu həftə keçiriləcək. Beş idman növü üzrə birinci mərhələnin qalibləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi tərəfindən diplom və mükafatlarla təltif olunacaqlar.













