Xəbərlər
ETİHİ Xətai Rayon Komitəsinin ittifaq üzvləri arasında stolüstü tennis, basketbol və voleybol üzrə yarışlar keçirildi

Keçən həftə Xətai rayonu təhsil müəssisələrində çalışan ETİHİ Xətai Rayon Komitəsinin ittifaq üzvləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti idman yarışları – stolüstü tennis, basketbol və voleybol üzrə yarışlar keçirildi.
Yarışlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur və kişi və qadınların iştirakı ilə beş idman növü – dama, voleybol, mini-futbol, basketbol və stolüstü tennis üzrə keçirilir.
Yarışların əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və kollektiv həmrəyliyin gücləndirilməsidir.
İlk yarış həftəsində rayonun təhsil işçiləri dama və mini-futbol idman növləri üzrə mübarizə apardılar. Keçən həftə isə stolüstü tennis, basketbol və voleybol üzrə yarışlar keçirildi.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışların nəticəsində qaliblər müəyyənləşdi. Rayon mərhələsində birinci yerə layiq görülən komandalar Bakı şəhərinin ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında keçiriləcək növbəti mərhələdə iştirak etmək hüququ qazandılar.
Beş idman növü üzrə birinci mərhələnin qalibləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi tərəfindən diplom və mükafatlarla təltif olunacaqlar.















