Xəbərlər
ETİHİ Respublika Komitəsi tərəfindən bir qrup müəllim mükafatlandırılıb.

Sentyabrın 29-da Şəkidə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə bir qrup müəllimlə görüş keçirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin akt zalında təşkil olunan tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin Daxili Nəzarət və Keyfiyyət üzrə müşaviri cənab Natiq Zamanov, Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev, Şəki Dövlət Regional Kollecinin müdiri Sərdar Şərifov idarənin struktur bölmə rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova müəllimləri təbrik edib, bu il əldə olunan nailiyyətlər haqqında məlumat verərək müəllimlərin sosial-iqtisadi hüquqlarının və sanator-kurort imkanlarının təmin edilməsində həmkarlar ittifaqının mühüm fəaliyyətini qeyd edib, bu istiqamətdə dəstəyinə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib.
Çıxışı zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin Daxili Nəzarət və Keyfiyyət üzrə müşaviri cənab Natiq Zamanov bölgədə təhsilin inkişafı, əldə olunan nailiyyətlər barədə danışıb, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədovun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbrikini tədbir iştirakçılarına çatdıraraq,onların sədrliyi dövründə görülən işlər barədə statistik məlumatlar səsləndirib və əldə olunan nəticələrin əlçatanlıq baxımından yüksək səviyyədə olduğunu vurğulayıb.
Daha sonra çıxış edənlər- Şəki Dövlət Regional Kollecinin müdiri Sərdar Şərifov,Şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Mehriban Hacıyeva,Şorsu kənd tam orta ümumtəhsil məktəbinin direktoru, müharibə veteranı Mübariz Musayev və digər müəllimlər də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə göstərilən diqqət və qayğı üçün dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Beynəlxalq Müəllim Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində yüksək nəticələr əldə etmiş bir qrup müəllimə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının hədiyyələri təqdim olunub.Tədbirin sonunda şagirdlər öz rəngarəng bədii çıxışları ilə müəllimlərini təbrik ediblər.
Görüşdən sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin Daxili Nəzarət və Keyfiyyət təminatı üzrə müşaviri cənab Natiq Zamanov və Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva pedaqoji fəaliyyətlərini davam etdirən şəhid anaları – Şəki rayon Kiş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Əməkdar Müəllim Dursun Cavadovanı və Şəki Dövlət Regional Kollecinin müəllimi Rəmziyyə Nadirovanı təhsil müəssisələrində ziyarət edərək, onlara hədiyyələr təqdim ediblər.












