Xəbərlər
“Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçala rayonu Qırmızıkənd məktəbində ittifaq üzvləri ilə görüş keçirilib

ETİHİ Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçala rayonu Əli Səmədov adına Qırmızıkənd kənd tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirib.
Görüş zamanı müəllimlərin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və iş mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində 4 təhsil işçisinin yubileyi qeyd olunub. Belə ki, məktəbin İbtidai sinif müəllimi Mehrabova Xavər Əşrəf qızının, Fiziki tərbiyə müəllimləri Qədirov Ağaşirin Malik oğlunun və Ağayeva Səriyyə Mirzağa qızının 65 illik yubileyləri qeyd olunub. Eyni zamanda, rus dili müəllimi Qədirova Lətifə Həsən qızı da 60 illik yubileyi münasibətilə təbrik olunub.
Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs ediblər.
Yubilyarlara fəxri fərmanlar, gül dəstələri və mükafatlar təqdim edildikdən sonra müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd ediblər.
Sonda məktəbin həyətində şagirdlərin bir-birindən maraqlı və zövqlə hazırlanmış əl işləri nümayiş etdirilib. Şagirdlərin çəkdiyi vətənpərvərlik mövzusunda şəkillər, güllərdən hazırlanmış dekorativ fiqurlar və rəngarəng tablolar tədbir iştirakçılarında xoş təəssürat yaradıb.
Tədbirin sonunda əl işləri arasında seçilən ən yaradıcı və fərqli işlərin müəllifi olan şagirdlər təltif ediliblər.










