Xəbərlər
Əziz Babayevin 80 illik yubileyi münasibətilə ehtiram və təltif

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin “Ümumi fizika” kafedrasının baş müəllimi, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olan Əziz Hümbət oğlu Babayev 80 illik yubileyi münasibətilə ADPU Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif edilmişdir.
1973-cü ildən etibarən universitetdə pedaqoji fəaliyyətini davam etdirən Əziz müəllim ömrünün yarım əsrdən artıq dövrünü təhsilin və elmin inkişafına həsr etmişdir. Onun zəngin pedaqoji təcrübəsi, elmi fəaliyyəti və universitetin tədris həyatına verdiyi töhfələr xüsusi qeyd olunmağa layiqdir. 150-dən çox elmi məqalənin, 5 dərs vəsaiti və proqramın müəllifi olan yubilyar öz fəaliyyəti ilə universitetin elmi-pedaqoji mühitində layiqli yer tutmuşdur.
ADPU Həmkarlar İttifaqı Komitəsi tərəfindən Əziz müəllimin uzunmüddətli səmərəli pedaqoji və elmi fəaliyyəti, təhsil sahəsində xidmətləri nəzərə alınaraq ona Fəxri fərman təqdim edilmiş, pul mükafatı verilmişdir.
Hörmətli Əziz müəllimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, firavan ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!





