Xəbərlər
Əziz məzunlar, yolunuz açıq olsun!

13.06.2026-cı il tarixində A. Novruzov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbində məzunlar üçün ən əlamətdar günlərdən biri olan “Son Zəng” tədbiri keçirilib.
Tədbirdə qonaqlar, məktəbin məzunları, müəllimlər və valideynlər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən məktəbin direktoru Vüsalə Əliyeva məzunları təbrik edərək onların qarşıdakı həyat yollarında uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov da məzunları təbrik edərək bildirib ki, “Son Zəng” hər bir gəncin həyatında yeni mərhələnin başlanğıcıdır. O, məzunlara ölkəmizin gələcəyi naminə daim savadlı, məsuliyyətli və vətənpərvər vətəndaş olmağı arzulayıb, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar diləyib.
Səmimi çıxışlar, xoş xatirələr və yüksək əhval-ruhiyyə ilə davam edən tədbirdə məzunlar öz hazırladıqları rəqs və musiqi nömrələrini təqdim ediblər.
Bütün məzunlarımızı təbrik edir, onlara yeni nailiyyətlər, parlaq gələcək və uğurlu həyat yolu arzulayırıq!
Yolunuz açıq olsun, əziz məzunlar!









