Xəbərlər
Əzmkarlığın və peşəkarlığın növbəti uğuru!

QRTİ Ağcabədi rayonu Sarvan Quliyev adına Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Qafarov Zeynal Barat oğlu təhsil verənlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək 60 mümkün baldan 59 bal toplayıb və növbəti uğuruna imza atıb.
Zeynal müəllim daha əvvəl müəllimlərin işə qəbulu (MİQ) imtahanında 87 bal toplayaraq ikinci iş yeri üzrə də vakant vəzifəyə qəbul olunmuş və pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Öz peşəsinə böyük məsuliyyətlə yanaşan, vəzifə öhdəliklərini layiqincə yerinə yetirən Zeynal müəllim ali təhsilini davam etdirmək məqsədilə universitetə qəbul olmasına baxmayaraq, maddi çətinliklər səbəbindən təhsilini yarımçıq qoymalı olub. Buna baxmayaraq, o, daim öz üzərində çalışaraq peşəkar inkişafını davam etdirib və əldə etdiyi yüksək nəticə bunun bariz nümunəsidir.
Müəllim ailəsində böyüyən Zeynal müəllimin hər iki valideyni uzun illər məktəbdə müəllim kimi çalışaraq gənc nəslin təlim-tərbiyəsinə töhfə veriblər. Onun qardaşı Qafarov Vasif Barat oğlu isə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
ETİHİ Ağcabədi Rayon Komitəsi sertifikatlaşdırma imtahanında yüksək nəticə qazanan Qafarov Zeynal Barat oğlunu təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və daha böyük nailiyyətlər arzulayır.





