Xəbərlər
Fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
6 iyun tarixində Heydər Əliyev Sarayında “Global Olympiad Center” tərəfindən beynəlxalq fənn olimpiadaları və müsabiqələrinin ölkə mərhələləri üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Süni İntellekt (IOAI), Milli İqtisadiyyat (IEO), Fəlsəfə (IPO) olimpiadalarının, eləcə də Almaniyanın “Einstein” və dünyanın nüfuzlu ingilis dili müsabiqələrindən olan “Hippo” olimpiadalarının ölkə mərhələlərində yüksək nəticə göstərən şagirdlər qızıl, gümüş və bürünc medallarla təltif olunublar.
Mərasimi giriş sözü ilə açan “Global Olympiad Center”in direktoru Xəyal İbrahimzadə Azərbaycanda istedadlı şagirdlərin erkən yaşlardan aşkar edilməsinin, onların beynəlxalq akademik platformalara hazırlanmasının və təhsil portfoliolarının zənginləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov çıxış edərək beynəlxalq olimpiada və yarışların şagirdlərin təhsil həyatında oynadığı mühüm roldan danışıb.
Tədbirdə həmçinin Süni İntellekt üzrə dünya finalında ölkəmizi təmsil edəcək Azərbaycan komandasının heyəti açıqlanıb, videotəqdimatlar nümayiş etdirilib. Daha bir yaddaqalan məqam isə mərkəz tərəfindən təsis edilmiş "Məktəbli Təqaüd Proqramı"nın qaliblərinin elan olunması olub.
Sonda “Brainco”, “USA Olympiad”, “Uluslararası Antalya Mathematics Olympiad” və Kanadanın “Spirit of Math” yarışması kimi digər beynəlxalq müsabiqələrin də qaliblərinə medallar təqdim edilib.








