Xəbərlər
Fizika İnstitutunun əməkdaşları üçün Zaqatala bölgəsinə turistik səfər təşkil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən institut əməkdaşları üçün Zaqatala bölgəsinə 2 gecə, 3 günlük turistik səfər təşkil edilib. Səfərdə institutun 50-dan çox əməkdaşı iştirak edib.
Tur proqramı çərçivəsində iştirakçılar Cihan Town Hotel mehmanxanasında yerləşərək bölgənin tarixi, mədəni və təbiət abidələri ilə yaxından tanış olublar. Əməkdaşlar Zaqatala, Şəki və Qax şəhərlərinə təşkil olunan ekskursiyalarda iştirak edərək həmin bölgələrin qədim tarixi, zəngin mədəniyyəti və gözəl təbiəti haqqında ətraflı məlumat əldə ediblər.
Səfər zamanı kollektiv İlisu kəndində olub, bölgənin əsrarəngiz təbiət mənzərələrini seyr edib, həmçinin Mamırlı Şəlaləsi ətrafında istirahət edib. İştirakçılar üçün çay süfrəsi təşkil olunub, səmimi və xoş atmosfer yaradılıb.
Tur proqramı çərçivəsində əməkdaşlar birgə xatirə şəkilləri çəkdirib, musiqi sədaları altında rəqs edib, maraqlı və unudulmaz anlar yaşayıblar. Səfər kollektiv arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə, əməkdaşların asudə vaxtlarının səmərəli təşkilinə böyük töhfə verib.
İştirakçılar onlar üçün yaradılmış yüksək şəraitə və göstərilən diqqətə görə səfərin təşkilində əməyi olan məsul şəxslərə, həmçinin Cihan Town Hotel mehmanxanasının rəhbərliyinə kollektiv adından dərin minnətdarlıqlarını bildiriblər.


















