Xəbərlər
İftar süfrəsi və Novruz bayramı
ETİHİ Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı və xalqımızın qədim bayramı olan Novruz münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbirdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, qonaqlar, həmçinin şəhid ailələri, qazilər və veteranlar iştirak edərək bu əlamətdar günlərin sevincini birlikdə bölüşüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov Ramazan ayının mənəvi dəyərlərindən, birlik və həmrəyliyin cəmiyyət həyatındakı əhəmiyyətindən bəhs edib. O, eyni zamanda Novruz bayramının milli-mənəvi dəyərlər sistemimizdə xüsusi yer tutduğunu vurğulayaraq iştirakçıları bayram münasibətilə təbrik edib.
Tədbirdə qonaq qismində iştirak edən şəhid ailələri, qazilər və veteranlara xüsusi ehtiram göstərilib. Çıxış edən qazi Vidadi Əliyev belə görüşlərin cəmiyyətdə həmrəylik və milli birliyin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Tədbir çərçivəsində iftar süfrəsi açılıb, dualar edilib, iştirakçılar səmimi və mehriban mühitdə bir araya gələrək bayram sevincini bölüşüblər.
Bədii hissədə şagirdlərin ifasında rəqs və musiqi nömrələri təqdim olunub. Xüsusilə I sinif şagirdlərinin ifasında “Uzundərə” rəqsi və Dəniz Teymurzadənin ifası iştirakçılar tərəfindən maraqla qarşılanaraq tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda iştirakçılara xoş arzular çatdırılıb, Ramazan ayının bərəkəti və Novruz bayramının ruzi-bolluq gətirməsi dilənilib.



