Xəbərlər
Füzuli şəhərinin azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Zəfər yaddaşı” layihəsi çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə Füzuli şəhərinin işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə universitetin müəllim və tələbələri, Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş müharibə iştirakçısı tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili Füzuli şəhərinin azad edilməsinin Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbəyə toxunaraq əsgər və zabitlərimizin qəhrəmanlığının, şücaətinin, fədakarlığının gənc nəsil üçün mühüm vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Bildirilib ki, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmaqla, Azərbaycanın sonrakı hərbi əməliyyatları üçün yeni imkanlar yaradıb. Bu tarixi Zəfər xalqımızın doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsində mühüm rol oynayıb.
Tədbir çərçivəsində Füzuli şəhərinin işğaldan azad olunmasına həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda tarixi qələbənin əhəmiyyəti, Azərbaycan əsgərinin qəhrəmanlığı və Vətən müharibəsinin yaddaşlarda yaşayan şanlı səhifələri əks olunub.
Tədbirin keçirilməsində əsas məqsəd tarixi Zəfərimizin gənc nəslə çatdırılması, tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və Vətən uğrunda döyüşmüş qəhrəmanlarımızın şücaətinin təbliğidir.






